fbpx

Əlaqə məlumatları

Su içmək vərdişini necə yaratmaq olar?

Su içməyin orqanizm üçün nə dərəcədə əvəzsiz olduğunu yəqin ki, bilirsiniz. Amma gəlin etiraf edək ki, bunu bilsək də əməl etməkdə çətinlik çəkirik. Bir çoxları “su içmək istəyirəm, amma heç cür alınmır”, “su içməyi unuduram”, “adi suyu içə bilmirəm” kimi fikirlər səsləndirir.

 

Yaxşı, bəs su içməyi vərdiş halına necə sala bilərik?

 

Bütün faydalı vərdişlər kimi su içmək vərdişi də öz-özünə yaranmayacaq. Bunun üçün də biraz səy göstərməli olacaqsınız. Narahat olmayın, sizin üçün bəzi faydalı ipucular veririk. Bunları etəsiniz, əmin olun ki, qısa zamanda su içmək vərdişiniz formalaşacaq.

 

  • Xatırlatmalardan istifadə edin.

Məsələn, telefonunuza bir xatırlatma proqramı yükləyin. İnternetdə “su içmə xatırladıcı” və ya “water remainder” deyə axtarış versəniz, bu tipli aplikasiyalar qarşınıza çıxacaq. Onlardan birini telefonunuza endirin, hədəfinizi, vaxtı təyin edin və hər dəfə bildiriş gəldikdə suyunuzu için.

Həmçinin, evinizin müəyyən yerlərində (məsələn, soyuducunun üzəri, mətbəx, yataq otağı vəs.) kiçik kağız qeydlər yapışdırın. Bu, su içməyi unutmamanıza kömək edəcək.

 

 

  • Suyunuza ləzzət qatın.

Adi suyu içə bilmirsinizsə, suyunuzu biraz dadlandıra bilərsiniz. Məsələn limon, nanə və ya sevdiyiniz başqa bir meyvədən bir dilim suyunuza ataraq onu ləzzətləndirə bilərsiniz. Diqqət edin ki, şəkər, rəngləndirici, kimyəvi dadlandırcılar vəs. olmasın.

 

 

  • Su həyatdır.

Bunu hər zaman özünüzə xatırladın. Su bədəndəki toksinləri çıxarmağa kömək edir, dərini nəmləndirir, enerji səviyyəsini artırır, həzm və immun sistemini gücləndirir. Bunları xatırlamaqla su içməyə vərdiş etməyiniz daha da asan olacaq.

 

  • Günə bir stəkan su ilə başlayın.

Bəzi kiçik addımlar vərdiş formalaşdırmaqda kritik rol oynayır. Məsələn, sadəcə səhərlər su içməyi məqsəd olaraq qarşınıza qoysanız, bir müddət sonra artıq hər səhər su içmək vərdişinizin yarandığını görəcəksiniz. Eləcə də günorta yeməyi zamanı yanınıza bir stəkan su qoymaq da sizə kömək edəcək.

 

  • Suyunuzu yanınızda daşıyın.

“Gün boyu eyni yerdə dayanmırıq axı” dediyinizi eşidirəm. Onda mütləq suyunuzu yanınızda daşıyın. Bunun üçün hər dəfə marketdən su alaraq pul xərcləməyə və plastiklə ətraf mühiti çirkləndirməyə də ehtiyac yoxdur. Özünüzə bir su qabı hədiyyə edin və daim ondan istifadə edin.

 

  • Hədəfə addım-addım yaxınlaşın.

Su içmək vərdişi birdən-birə formalaşmayacaq. Özünüzə hədəf müəyyən edin və yavaş-yavaş bu hədəfə çatmaq üçün çalışın. Məsələn, bu gün 6 stəkan su içdinizsə, sabah bunu 7 edin. Dünyanın axırı deyil ki.

 

 

Həmçinin sizin üçün maraqlı ola bilər:

Suyun təmizliyini necə yoxlamaq olar?

Ev şəraitində suyu necə təmizləmək olar?

Məişət əşyalarını ərpdən necə qorumaq olar?